Psixi sağlamlıq və psixo-sosial rifah nədir?

   Sağlamlıq istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal, istənilən ağrının və xəstəliyin olmadığı vəziyyətdir. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

 Psixi sağlamlıq isə insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda, sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü büruzə verir. Psixi sağlamlıq sosial-iqtisadi vəziyyəti ilə yanaşı insanın fiziki sağlamlığı ilə də sıx bağlıdır.

Cəmiyyətin hər bir üzvünün psixi sağlamlığı ümumən cəmiyyət haqqında müəyyən qənaətə gəlməyə imkan verir. Cəmiyyətdə baş verən proseslərin proqnozlaşdırılması, sosial sabitliyin mühüm şərti onun hər bir üzvünün psixi sağlamlığından asılıdır.  Çox təəssüf ki, mütəxəssislər bu məsələnin həllində diqqəti psixi sağlamlığı şərtləndirən amillərin araşdırılmasına deyil, əksinə, psixi pozuntuların reabilitasiya və korreksiyası məsələlərinə yönəldirlər.  Müasir dövrdə psixologiya elminin əsas vəzifələrindən biri də cəmiyyətin psixi sağlamlığının qorunması olmalıdır.

 Psixi sağlamlıq anlayışı norma-patologiya, sağlamlıq və xəstəlik anlayışları kontektsində nəzərdən keçirilir. Əslində, sağlamlıq və xəstəlik bir-birini tamamlayan anlayışlardır. Görkəmli rus psixiatrı P.B.Qannuşkinin fikrincə, sağlamlıq və xəstəlik halları arasında heç bir köklü fərq yoxdur, əksinə, bu iki fenomen arasında zəruri əlaqə var. Belə ki, patalogiyada normada olduğu kimi eyni qanunlar və qüvvələr işləyir. İnsanın iki mövcudluq forması –sağlamlıq və xəstəlik arasında fərq yalnız ondadır ki, xəstəlik zamanı orqanizmin funksiyaları arasında normada müşahidə olunan mütənasiblik-qarşılıqlı harmoniya pozulur.

Psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyil. Belə pozuntuları olmayan bir çox insanların da psixi problemləri var. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir. Bu mənada psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır. İnsanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur.

 Hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür.

 Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir.
Müharibələr və digər fəlakətlər psixi sağlamlığa və psixoloji rifaha ciddi təsir göstərir. ÜST-ün hesablamalarına görə fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.

 Hər birimiz nəinki özümüzün, hətta ətrafımızda olan insanların da psixoloji cəhətdən sağlam olub-olmadığını həmişə düşünməliyik. Müasir və klassik psixiatriya illərdir bu suala cavab axtarır: “Sağlam ruh necə olur?” Qəribə də olsa deməliyəm ki, bu suala konkret cavab yoxdur. ”Anormal” haqqında saatlarla mühazirə oxuya biləcəyimiz halda “normal” necə olur sualına həmişə aciz olmuşuq. Aristotel yazırdı ki, bir miqdar dəliliyin qarışmadığı ruh halı yoxdur. Bu məntiqlə yola çıxsaq, ruhi sağlam insan yoxdur. 

Bəs gəlin görək ruhi sağlamlıq nədir? Ruhi, psixoloji sağlam insan necə olmalıdır? Saglamlıq nədir?

 ÜST-ün sağlamlığa verdiyi tərif belədir ki, insanın təkcə xəstəliklərə tutulmaması, bədəncə sağlam olması onun sağlam olmasına dəlalət etmir. Bədənin sağlam olması ilə yanaşı ruhi tarazlığı da yerində olmalı və sosial yöndən yaxşı təmin olunmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, bədənin sağlam olması deyəndə çox konkret olaraq onun xəstəliklərə tutulmamasını nəzərdə tuturuq. Ruhi sağlamlıq haqqında, təəssüf ki, belə konkret izah vermək çətindir. Olduqca mücərrəd məfhum olan “ruh” anlayışı müxtəlif dövrlərdə, müxtəlif fəlsəfi cərəyanlarda, müxtəlif kültürlərdə fərqli qəbul olunub.

Biraz daha konkretləşdirsək müasir psixiatriyanın, psixologiyanın məşğul olduğu “ruh” anlayışı klassik dini mənasından xeyli fərqlənir. Məsələyə bioloji, kimyəvi proseslər də qoşulduğu üçün xeyli qəlizləşməklə yanaşı, artıq daha konkret məfhum olmuşdur.

 Sağlam psixologiyalı insanın xüsusiyyətləri nələrdir?
Bu suala ən qısa və mahiyyət etibarı ilə ən dolğun cavabı Freyd vermişdir: Sevmək və çalışmaq sağlam ruhun təməl xüsusiyyətləridir. Yəni siz sevə, paylaşa bilirsinizsə və gündəlik işlərinizin öhdəsindən rahatlıqla gələ bilirsinizsə çox böyük ehtimalla sağlamsınız. Sevmək və çalışmaq anlayışının fərdə görə dəyişə biləciyini də nəzərə alsaq, deməli, bu ifadənin güvən payı dəyişə bilər.

Bildiyimiz kimi, hər xəstəliyin özünə məxsus fərqləndirici əlamətləri olur ki, biz həkim olaraq məhz bu əlamətlərə əsaslanaraq diaqnoz qoyuruq. Psixiatriyada işin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, müayinə etdiyimiz pasiyentlərdə rast gəlinən əlamətlərin böyük əksəriyyəti digər sağlam insanlarda da var. Məsələn, evdən çıxarkən, yəqin ki, çoxumuzun ağlına gəlir ki, görəsən işığı söndürdümmü, qapını bağladımmı və ya hər hansı hərəkəti 2 dəfə etməsəm birdən doğmalarımın başına bəla gələr və s. Tanış hislərdir deyilmi? Nəzərinizə çatdırım ki, bu əlamətlər obssesiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu) adlanan xəstəliyin əlamətidir. Deməli, bu fikirlər kimin ağlına gəlirsə ona bu diaqnozu qoymalıyıqmı?- Təbii ki, xeyr. Bu əlamətləri olan insana o halda xəstə deyə bilərik ki, əlamətlər şəxsin gündəlik ən azı 1-3 saatını alsın, gündəlik iş qabiliyyətinə təsir etməyə başlasın. Deməli, əlamətlərin var olması o insanın xəstə olmasına dəlalət etmir. Diaqnostik kriterilərin sərhədləri kifayət qədər dəqiq çəkilib. Digər bir misal: bir neçə gün kefimiz olmayanda depressiyada olduğumuzu düşünürük, reallıqda isə bir insanın depressiyada olduğunu demək üçün kefsizlik, tez yorulma, enerji tükənməsi, günahkarlıq hissi, ağlama, kövrəlmə və s. kimi əlamətlər ən azı 2 həftə müddətində müşahidə olunmalıdır.

 Psixi sağlamlıq psixogigiyenadan başlayır. Psixogigiyena psixi sağlamlığın qorunması deməkdir. O, təkcə beyinin yox, həm də hislərin sağlam və gümrah olmasıdır. Psixi sağlamlıq, həm də psixoloji dayanıqlılığı özündə ehtiva edən antipandemiyadır. Psixogigiyenanın tarixi qədim dövrlərə – Hippokrata qədər gedib çıxır. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor, ilk növbədə, xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. Deməli, İbn Sina xarakterin müvazinətli olmasını psixogigiyenik faktor kimi qeyd etməklə onun psixi sağlamlığın əsasını təşkil etdiyini nəzərimizə çatdırır.

 Psixogigiyenanın məqsədi bilavasitə insan psixikasının ətraf mühitdən gələn müxtəlif zərərli təsirlərə qarşı müqavimət gücünü artırmaqla onun psixi sağlamlığının keşiyində durmaqdır. Psixi sağlamlığın qorunması və möhkəmləndirilməsi yolunda ilk addım məhz psixi pozuntu və xəstəliklərin baş qaldıracağı ilə bağlı xəbərdarlığın edilməsindən başlayır. İnsanlar bilməlidirlər ki, sağlamlıq və xəstəlik haqqında müasir düşüncə davranışla sağlamlıq vəziyyəti arasındakı əlaqənin başa düşülməsindən ibarətdir.

 Psixi sağlamlıq həm də dövlətin və millətin mövcudluğunu və inkişafını təmin edən təhlükəsizlik məsələsidir. Fərdin və ya əhalinin psixi sağlamlığı sosial, psixoloji və bioloji amillərlə müəyyən edilir. Məsələn, hal-hazırda dünyanın üzləşdiyi koronovirus xəstəliyi sosial, bioloji və psixoloji təzyiq kimi əhalinin psixi sağlamlıq üçün  böyük təhlükə mənbəyidir. Xəstəliklə bağlı KİV-də və sosial şəbəkələrdə əhalinin aldığı informasiya (sürətlə yayılma, ölüm riski, yaşlı adamların həssas yaş qrupuna daxil edilməsi, iş yerlərinin bağlanması, karantin rejimində yaşamaq, xəstəlikdən qorunmaq üçün insanların evlərdə qalmasının qanuniləşdirilməsi və s.) əhalinin qorunmasına xidmət edir.

Narahatlıq anında fikrinizi sizi əhatə edən əşyalara yönəldin, onların rəngini, toxunduqda çıxardığı səsləri yada salın. Şüurlu fəaliyyətlə məşğul olmaq, hər şeyin nəzarətinizdən çıxdığını hiss etdiyiniz vaxt sakitləşməyin bir yoludur. Hislərinizi gizlətməyin. Əlavə dəstəyə ehtiyacınız varsa, əlaqə saxlayın. Fikir və düşüncələrinizi qohumlarınızla, özünüzə yaxın bildiyiniz insanlarla bölüşün. Valideynlər və yaxınlarınızla söhbət edin. Ciddi bir narahatlıq hiss edirsinizsə və bunun öhdəsindən gələ bilmirsinizsə, psixoloji yardım mərkəzlərinə zəng vuraraq dəstək alın. Unutmayın ki, karantin zamanı həyat dayanmır.  Karantin müddətini, özünüzü və yaxınlarınıza inkişaf etdirmək üçün əla fürsət kimi dəyərləndirin. 

Ruhunuzu qidalandırın. Yada salın ki, insan yalnız bədəndən ibarət deyil. Onun həm də ruh tərəfi var. İnsanın ruh tərəfi ya qəsdən, ya da bilməyərəkdən ona unutdurulur. Ona görə də insanlar yalnız fiziki sağlamlıq haqqında düşünür və bədənə qulluq edirlər. Bədən və imunitetimizin zəifləmə səbəbindən, bəlkə də, ən əsası elə ruhumuzun qorunmaması, onun zəifləməsidir. Ruhun, canın qidası isə sevgi və məhəbbətdir – Allaha və onun yaratdıqlarına olan sevgi.

 Məlumat gigiyenasına əməl edin. Xəbəri yalnız rəsmi mənbələrdən alın. Sağlam olmayan qida bədən üçün necə zərərlidirsə, yalan məlumat da insan düşüncəsi üçün bir o qədər ziyanlıdır. Sosial şəbəkələrdə, internet səhifələrində yayılan hər növ informasiyanı oxumayın. Məlumat almağa da bir məhdudiyyət qoyun və xəbərlərə sizə lazım olduğu vaxtda qulaq asın.

 Pozitiv düşünün. Özünüzü pozitivə yönəltməklə psixi sağlamlığınızı, o cümlədən ruh halınızı gücləndirə bilərsiniz. Neqativ düşüncə, pis fikirlər bədəninizin enerjisini aldığı üçün immunitetinizi də zəiflədir. İmmunitet zəifliyi də orqanizmin, xüsusilə də, yoluxucu xəstəliklərə tutulma ehtimalını çoxaldır. Ona görə də müsbət fikirləşin. Baş vermiş hadisələrə yaxşı tərəfdən baxmağa çalışın, insanlarda qüsur, səhv tapmağa çalışmayın. Əksinə, özünüzü adamların müsbət xüsusiyyətlərini görməyə öyrədin. Belə olmaq sizin həm əhvalınıza, həm də həmin şəxslə daha yaxşı münasibət qurmağınıza müsbət təsir göstərəcəkdir. Düşüncəmiz bədənimizə, bədənimiz də düşüncəmizə təsir göstərir. Əgər müsbət düşünməkdə çətinlik çəkirsinizsə, onda bədəninizin gücündən istifadə edərək düşüncənizə təsir göstərin.

Özünüzə “niyə?” yox, “necə?” sualını verin. Çünki “niyə?” sualı günahkar axtarmağa meyillidir. O ya özünüzü, ya da başqasını günahlandıracaq. “Necə?” sualı isə sizə çıxış yolunu göstərəcək.

 Hərəkətdə olun. İdman hərəkətləri edin, asta templə qaçın, meditasiya edin və s. Bütün bu hərəkətlər sizin ruh halınızı müsbətə dəyişdirəcək. Çünki onlar həyacan səviyyənizin aşağı düşməsinə, gümrahlıq hissinin isə çoxalmasına səbəb olacaqdır.

 Psixi sağlamlıq haqqında mifləri dağıtmaq bu fenomenlə əlaqədar stiqmanı qırmağa və insanların istənilən yaşda ehtiyac duyduqları zaman dəstək üçün müraciət etməyə təşviq edən mədəniyyət yaratmaqda kömək edə bilər. Psixi sağlamlıqla bağlı ümumi yanlış təsəvvürlərdən bəziləri ilə tanış olun:

Mif 1: İnsan psixi sağlamlıqla əlaqədər çətinliklə üzləşirsə, bu, onun zehni bacarıqlarının zəif olmasından irəli gəlir.

Həqiqət: Fiziki xəstəliklər kimi, psixi xəstəlik, zehni bacarıqlar, müəyyən sosial təbəqəyə mənsubiyyət və ya gəlir səviyyəsindən asılı olmayaraq hər kəsə təsir edə bilər.

Mif 2: Psixi sağlamlıq ilə əlaqədar çətinliklə üzləşəndə, yalnız psixi sağlamlığınızın qayğısına qalmalısınız.

Həqiqət: İstənilən şəxs öz rifahını düzətmək və psixi sağlamlığını yaxşılaşdırmaq üçün fəal addımlar atmaqdan faydalana bilər. Eynilə, hər kəs fiziki sağlamlığını yaxşılaşdırmaq məqsədilə fəal addımlar ata və sağlam vərdişlərə yiyələnə bilər.

Mif 3: İnsanları psixi sağlamlıqla əlaqədar yaranan çətinliklərdən qorumağın heç bir yolu yoxdur.

Həqiqət: Sosial və emosional bacarıqlarını gücləndirmək, erkən yardım və dəstək üçün müraciət etmək, mehriban, sevgi dolu, isti ailə münasibətləri inkişaf etdirmək, müsbət təhsil mühiti və sağlam yuxu rejiminə malik olmaq kimi amillər insanları psixi sağlamlıqla əlaqədar çətinliklərin yaranması ehtimalından qorumaq üçün yardımçı ola bilər. Çətinliyin öhdəsindən gəlmək qabiliyyəti qoruyucu amillərin vəhdətinə əsaslanır, ətrafda mövcud olan mühit və ya fərdi stres faktorları isə mütləq şəkildə psixi sağlamlıq problemlərinə aparmaya bilər. Çətinliklərin öhdəsindən gəlmək bacarığını nümayiş etdirən uşaqlar və yeniyetmələr adətən bioloji müqavimətə, eləcə də ətrafdakı ailə, dostlar və böyüklər ilə möhkəm, sağlam əlaqələrə malikdirlər və nəticədə onlarda rifahı dəstəkləmək üçün qoruyucu amillərin çeşidi yaranır.

 Mif 4: Psixi sağlamlıqla əlaqədar çətinliklər zəiflik əlamətidir; həmin şəxs daha güclü olsaydı, bu vəziyyətə düşməzdi.

Həqiqət: Psixi sağlamlıqla əlaqədar çətinliklərin zəiflik və ya iradə çatışmazlığı ilə heç bir əlaqəsi yoxdur. Bu, insanların seçimindən asılı bir hal deyil. Əslində, psixi sağlamlıqla əlaqədar çətinliklərin öhdəsindən gəlmək üçün kömək qəbul etməyin zəruriliyini dərk etmək böyük güc və cəsarət tələb edir. Psixi sağlamlıqla əlaqədar çətinliklər istənilən şəxsdə inkişaf etdirə bilər.

“Psixo-sosial” anlayışı aşağıdakı əlaqələri birləşdirir:

  • insanın (psixikası)
  • onun ətraf mühiti
  • insanlarla münasibətləri
  • icma və mədəniyyət (sosial kontekst)

Psixi sağlamlıq və psixo-sosial dəstək (PSPSD) əhatəli anlayışdır və aşağıdakılara qayğının göstər:

  • Psixi sağlamlıq
  • psixo-sosial rifah

Psixi sağlamlıq elə bir rifah halıdır ki:

  • insan öz qabiliyyətlərini anlayır
  • həyatın normal stressin öhdəsindən gəlir
  • məhsuldar şəkildə çalışır
  • öz icmasına töhfə verməyə qadirdir

Psixo-sosial rifah, sağlamlığın müxtəlif müəyyənediciləri birləşdirir:

  • Fiziki
  • İqtisadi
  • Sosial
  • Zehni
  • Emosional 
  • Mədəni və mənəvi

Psixo-sosial dəstək fiziki və psixi sağlamlığı qorumaq və çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün mexanizm verir. Psixo-sosial müdaxilələr (PSPSD-in bünövrəsi) müxtəlif sosial fəaliyyətləri yolu ilə psixoloji vəziyyətini yaxşılaşdırır:

  • təcrübələrin paylaşılması
  • sosial dəstəyin təşviq edilməsi
  • maarifləndirmə və psixi təhsil

Əsas psixo-sosial bacarıqlar hansılardır?

  • Gündəlik ünsiyyət zamanı qarşıdakı şəxsi dəstəkləmə:
  • Sizin yanınızda rahat hiss etmələrinə yardım
  • Aktiv dinləmə
  • Praktiki dəstək:
  • Praktiki dəstəyin göstərilməsi
  • Digər xidmətlər və ya qurumlarla əlaqələndirməsi
  • İnsanlara öz problemlərini həll etməkdə yardım
  • Stress yaşayan insanlara yardım
  • Dəstəkləyici ünsiyyət bacarıqlarından istifadəsi
  • Özlərinə kömək etməyə ruhlandırma
  • Onlara kömək etmək üçün təkliflər
  • Kəskin əzab çəkənə yardım

Əsas psixo-sosial bacarıqlardan harada və nə zaman istifadə edirik?

  • Əzab çəkənə emosional və praktiki dəstək hər yerdə verilə bilər
  • Psixoloji müdaxilə və ya terapiya deyil
  • Gündəlik işinizə inteqrasiya edilə bilər
  • İcmanızda və ailə həyatınızda istifadə oluna bilər